Ötən il dekabrın 8-də öldürülən əsgər Həsənov Firəddin Əlfi oğlu haqda qəzetimizin ötən sayında məlumat vermişdik. Gənclərin "Əsgər ölümlərinə son” aksiyasında dayısı əsgərin öldürülməsi haqda məlumat verərək bildirir ki, bacısı oğlunu bıçaqla ürəyindən vurublar: "Təxris olunmağına 15 gün qalmış bıçaqlanıb. Yanvarın 18-də vəfatının 40-cı günüdür. Bu əsgər Murovda, Ağdamda, Tərtərdə və yaxud ön cəbhədə xidmət etməyib. Astarada olub. Iki nəfər bacım oğlunu tutub, bir nəfər isə ürəyindən iki dəfə bıçaq vurub. Həmin günü hərbi hissədə bacım oğlundan başqa bir əsgər də ölüb”.
Dayısının dediyinə görə, əsgərin üç mərasiminə gələn hərbi hissənin zabiti də öldürülüb: "Zabit bacım oğlunun yas mərasimində dedi ki, hərbi hissəyə qayıdan kimi məsələni araşdıracaq, qətlin üstünü açacaq. Ancaq üstündən az keçmədi ki, zabit də öldürüldü”.
Qeyd edək ki, əsgər Firəddin Həsənov Sərhəd Qoşunlarının Astarada yerləşən N saylı hərbi hissəsində xidmət edib. Ötən gün Dövlət Sərhəd Xidmətiylə əlaqə saxlayıb, olayla bağlı onların fikrini öyrənmək istədik. Ancaq dəstəyi götürən şəxs mətbuat xidmətindən heç kimin olmadığını bildirdi. Günün sonuna qədər bir neçə dəfə zəng etsək də cəhdlərimz səmərə vermədi.