Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 1 » SEVİNC BABAYEVANIN ÖLÜMÜNÜN SİRRİ AÇILIR
15:06
SEVİNC BABAYEVANIN ÖLÜMÜNÜN SİRRİ AÇILIR

Adı ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı deputatlıq alverində vasitəçi kimi hallandırılan Sevinc Babayevanın ölüm işində son yeniliklər gündəmi məşğul edir. Dünən Türkiyə mətbuatı bu olayla bağlı maraqlı detallar yazıb. Haberturk.com saytının xəbərinə görə, araşdırmaya başlayan polis S.Babayevanın həyatı ilə bağlı yeni faktlar əldə edib. S.Babayeva 2 ay əvvəl İstanbulun Kıraç bölgəsində bir ev kirayələyib. Dekabrın 26-da anidən vəziyyəti pisləşən Sevinci binanın mühafizəçiləri xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Gənc qadının ölümü isə polisdə "şübhəli” olaraq qeydə alınıb. S.Babayevanın üzərində iki müxtəlif pasport və Məryəm Solmaz adlı saxta kimlik olub. Xəbərdə qeyd olunur ki, S.Babayeva Bakıda kitabxana müdiri işləyib və Azərbaycanda bir müddətdir müzakirəyə səbəb olan parlament seçkiləri üçün namizədlərdən yığılan rüşvət bazarlığında vasitəçi olub. Sayt onu da yazıb ki, Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəyə ezam olunub. Daha öncə də ürəyi ilə bağlı müalicə aldığı deyilən S.Babayevanın məhz elə ürək çatışmazlığından öldüyü deyilir. Həmçinin xəbərdə qeyd olunur ki, 40 yaşlı S.Babayevanın oğlu Ayxan Məmmədov xəbəri eşidən kimi İstanbula gedib və Babayevanın cənazəsi dekabrın 29-da Azərbaycana aparılacaq.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov isə Türkiyə mətbuatında S.Babayevanın üzərində iki ayrı pasport və Məryəm Solmaz adına saxta şəxsiyyət vəsiqəsinin tapılması barədə məlumatların yalan olduğunu deyib: "Bu məsələ ilə dəfələrlə maraqlanmışam. Onun üzərində və ya yaşadığı evdə heç bir sənəd aşkar edilməyib”.
Halbuki S.Babayeva vəfat etdiyi "Medicana İnternational” xəstəxanasında Məryəm Solmaz adı ilə qeydiyyatdan keçib.
Dekabrın 29-da səhər S.Babayevanın meyiti "Medicana İnternational” xəstəxanasından çıxarılıb. APA-nın xəbərinə görə, cənazə məhkəmə-tibb ekspertizasına aparılıb. Meyit ekspertizadan keçəndən sonra ölən şəxsin S.Babayeva olduğu dəqiqləşəcək. Sonra cənazə Azərbaycana göndəriləcək.
Günün sonuna yaxın isə S.Babayevanın cəsədinin Bakıya gətiriləcəyi ilə bağlı xəbər yayıldı. Bu barədə "Turan” Türkiyə KİV-nə istinadən məlumat verdi. Məlumata görə, S.Babayeva başqa adla ağır ürək tutması ilə klinikaya yerləşdirilib. Cümə axşamı onun ölümü barədə məlumatı Baş Prokurorluğa oğlu verib. Bundan dərhal sonra məlumat müstəqil saytların birində yayılıb. Prokurorluq isə bildirib ki, İnterpol  xətti ilə axtarışda olan S.Babayevanın ölməsi haqda məlumat yoxdur. Hüquq-mühafizə orqanları S.Babayevanın başqa ölkəyə necə getməsi, niyə onun İstanbulda həbs olunmamasının səbəblərini açıqlamır.

Əlövsət Əliyev: "Sevinc Babayevanın iki xarici pasportu ola bilərdi”

Bu məqamda ən çox diqqət çəkən detal isə S.Babayevanın saxta sənəd məsələsidir. O, sərhədi hansı sənədlə keçib? Saxta pasportu necə, harada əldə edib?
Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev hesab edir ki, saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi deyəndə Türkiyə vətəndaşlarına məxsus sənəd nəzərdə tutulub. Çünki Məryəm Solmaz daha çox türkiyəli xanım kimi təqdim olunur: "Demək olmaz ki, Sevinc Babayeva saxta sənədlə xəstəxanaya gedib. Çünki o, xəstəxanaya başqa adamın şəxsiyyət vəsiqəsi ilə də gedə bilərdi. Şəxsiyyət vəsiqəsi olmayan adam qohumunun vəsiqəsi ilə xəstəxanaya gedə bilir və orada o adla qeydiyyatdan keçir. O ki qaldı onun saxta pasportla, başqa adla ölkəni tərk etməsinə, bu, mənə inandırıcı görünmür”.
Ə.Əliyev dedi ki, S.Babayeva Azərbaycanı tərk edəndən iki-üç gün sonra barəsində axtarış elan edilib. Bu qərarın verilməsi G.Əhmədova məsələsindən sonradır: "Bu da o deməkdir ki, o, sərhədi öz adı, öz sənədi ilə də keçə bilərdi. Onun barəsində 300 min manatdan çox dələduzluq faktına görə cinayət işi var idi. Axtarış da ona görə verilmişdi. Bu, Gülər Əhmədova ilə bağlı axtarış deyildi. İş DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində istintaq edilirdi. Axtarış qərarı da orda verilmişdi”.
Ə.Əliyev dedi ki, Azərbaycanda pasportun saxtalaşdırılması mümkündür. Bir adamın adına iki pasport almaq da olar: "Sevinc Babayeva təkcə bir hərf fərqi ilə özünə iki xarici pasport da ala bilərdi. Məsələn, bir pasportu Sevin Babayeva, o birisi isə Sevinc Babayeva adına olardı. Bu isə problem sayılmaz”.

Sevinc Babayevanın oğlu sui-qəsd versiyasını rədd edir

"Anamın sui-qəsd nəticəsində ölməsi ehtimalı ola bilməz”. Bunu S.Babayevanın oğlu Ayxan Məmmədov bildirib. O, BBC-nin Azərbaycan redaksiyasına müsahibəsində adı Gülərgeyt qalmaqalında əsas fiqurlardan biri kimi keçən anasının Türkiyəyə saxta sənədlərlə daxil olması ilə bağlı xəbərləri yalan adlandırıb: "Anam Türkiyəyə öz pasportu ilə daxil olub. Başqa sənədi olmayıb. O, Məryəm Solmaz adından Türkiyədə istifadə edib”.
A.Məmmədov onu da deyib ki, anası hələ sentyabrda Türkiyəyə gedib orada yaşayırdı. O, başqa suallara cavab verməkdən imtina edib.
"Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları təmsilçilərinin iştirakı ilə Babayevanın meyitinin yarılma prosesi başlayıb”. Bunu dekabrın 29-da baş konsul Həsən Zeynalov BBC-yə bildirib. O deyib ki, nəticələr bəlli olandan sonra cənazənin Türkiyədən çıxarılması üçün zəruri olan sənədləşdirilmə başlanacaq. Konsul bölgə prokuroru ilə danışıqlarına əsasən onu da deyib ki, S.Babayevanın üzərində və kirayə yaşadığı evdə aparılmış axtarış zamanı onun Sevinc Babayeva olduğunu təsdiqləyən sənəd aşkar edilməyib. Ona görə də sənədlər Babayevanın oğlunun və dayısının meyitin həqiqətən onların yaxınlarına aid olduğunu təsdiqləməsinə və Bakıdan getmiş hüquq-mühafizə orqanları təmsilçilərinin apardığı bəzi sənədlərə əsasən rəsmiləşdiriləcək. H.Zeynalov S.Babayevanın üzərində şəxsiyyətini təsdiq edən sənədlərin olmamasının şübhəli fakt kimi Türkiyə polisi tərəfindən araşdırılacağını istisna etməyib. Onun sözlərinə görə, araşdırma Babayevanın Türkiyəyə necə daxil olması məsələsini ortaya çıxarmalıdır.
O da məlum olub ki, dekabrın 28-də Babayevanın oğlu A.Məmmədovdan İstanbul Polis İdarəsinin asayiş şöbəsində izahatı alınıb. Polis A.Məmmədovdan anasının xəstəxanaya Məryəm Solmaz adı ilə daxil olması və İnterpol xətti ilə axtarışda olması barədə söhbətləşib. Eyni zamanda, Babayeva barədə İnterpol axtarışına son verilib.

***

Dekabrın 29-da axşam isə APA Türkiyədən S.Babayeva ilə bağlı daha bir xəbər verdi. Xəbərə görə, S.Babayevanın meyitinin ətraflı müayinəsi 4 saata qədər çəkib. Ekspertiza nəticəsində ölən şəxsin hansı səbəbdən dünyasını dəyişdiyi dəqiqləşəcək. Artıq meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə işlərinə başlanıb. Bu iş tezliklə başa çatdırılsa, meyit dekabrın 29-da, proses uzansa, ən geci ayın 30-da Bakıya göndərilməli idi. Konsul H.Zeynalov da APA-ya deyib ki, meyitin Bakıya göndərilməsi üçün artıq sənədləşməyə başlanıb: "Ekspertizadan Babayevanın ölümünü təsdiq edən sənədi alan kimi meyitin göndərilməsi üçün lazımi addımlar atılacaq. Sənədləşməni yekunlaşdıra bilsək, meyit bu gün (dekabrın 29-da-red.), bilməsək, sabah mütləq Bakıya göndəriləcək”.

Babayeva niyə dövlət xəstəxanasından özəl klinikaya aparılıb?

Haqqın.az saytı S.Babayeva ilə bağlı maraqlı araşdırma aparıb. Sayt yazır ki, S.Babayevanı öldüyü özəl "Mediciana İnternational” xəstəxanasına nüfuzlu dövlət klinikası olan Esenyurddan aparıblar. İzahat isə bu cür verilib ki, guya Esenyurdda reanimasiya şöbəsi olmadığı və lazımi tibbi yardım göstərilə bilmədiyi üçün S.Babayevanı özəl xəstəxanaya göndəriblər. Halbuki Esenyurdun saytında yazılıb ki, bu, İstanbulun ən yaxşı klinikasıdır.
Sayt yazır ki, "Medicana İnternational”ın sahibi baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğandır. Yazı müəllifləri bununla heç nəyə eyham vurmadıqlarını və sadəcə çılpaq faktı nəzərə çatdırdıqlarını deyirlər: S.Babayevaya dövlət xəstəxanasında ilkin tibbi yardım göstərilib. Nəyə görəsə sonradan Ə.Ərdoğanın sahibi olduğu xəstəxanaya aparılıb. Yazıda daha sonra qeyd olunub ki, istintaq şüursuz halda olan S.Babayevanın hansı səbəbdən başqa klinikaya köçürülməsinə aydınlıq gətirməlidir: "Adətən bu cür köçürülmələr xəstə yaxınlarının israrı ilə edilir. Amma burda vəziyyət başqa cürdür: Babayeva tək olub və onu klinikaya təcili yardım xidməti aparıb. Hesab edilir ki, istintaq bu əsas suala cavab versə, onun ölüm sirri açılacaq”.
Haqqın.az saytı onu da araşdırıb ki, S.Babayevanın köçürüldüyü iki xəstəxana arasındakı məsafə xeyli böyükdür. "Medicana İnternational” İstanbulun Böyükşehir məhəlləsi, 34520, Beylikdüzlü/İstanbul ünvanında yerləşir. S.Babayevanın ilkin olaraq gətirildiyi klinika isə İstanbulun tamam fərqli bölgəsində yerləşir - Talat Paşa məhəlləsi 34513 Esenyurt. Və bu iki xəstəxana arasında heç bir əlaqə yoxdur.
Bu prosesdə ən maraqlısı isə odur ki, xəstəni öncə İstanbulun ən nüfuzlu klinikasına yerləşdirib, orada ürək masajı, şok və s. tətbiq ediblər. Ondan sonra isə onu başqa xəstəxanaya - doğum evinə (sayt belə yazır-S.T.) köçürürlər. APA isə burada ona lazımi dərmanlar verildiyini yazır. Yazı müəllifi hesab edir ki, burada qaranlıq məqamlar var və hadisəyə Türkiyə hökumətinin də qarışdığı istisna deyil.

Elşad Abdullayevdən "qatil-aşpazlar” iddiası

Fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayev "Azadlıq” qəzetinə müsahibə verib. E.Abdullayev deyib ki, mafiya şahidləri sevmir: "Videolardan da göründüyü kimi, Sevinc Babayeva dövlət səviyyəsində baş verən cinayətlərin əsas şahidlərindən idi. Mən bu məsələ ilə bağı mümkün qədər rəy bildirməməyə çalışıram. Amma təəssüf ki, Azərbaycanda hüquq sistemi bərbad durumdadır. Nəinki Babayeva, hətta zərərçəkən olan mənim özümə də hücum edirlər”.
Sabiq rektor deyib ki, vaxtında qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı düzgün istintaq aparılsaydı, cinayətin sifarişçi və icraçıları məsuliyyətə cəlb olunsaydı, son olaylar da baş verməyəcəkdi: "Mahirin oğurlanması və bununla bağlı digər cinayətlərdə Babayeva yeganə şahid deyildi. Ona görə də qurbanların sayı çox ola bilər. Amma bunlar yanılır. İstər Mahirin oğurlanması, istərsə də mandat məsələsi bütün dünyada izlənilən məsələdir. Əgər Babayeva bütün bu cinayətləri ört-basdır etmək məqsədilə aradan götürülübsə, nəzərə almalıdırlar ki, təkcə məndə onunla bağlı 25-ə qədər video və audio yazı var. Onlar da maddi sübutdur. Sevincin məhz İstanbulda ölməsi təsadüfi deyil. Məndə olan məlumata görə, bunların bir sıra ölkələrdə, o cümlədən Türkiyədə aşpaz adı altında killerləri var. Mən də belələri ilə qarşılaşmışam. Sadəcə hüquqşünas olduğuma, vaxtilə MTN akademiyasında dərs dediyimə görə təhlükədən yayına bilmişəm”.
E.Abdullayev deyib ki, S.Babayeva, Arzu Kazımov, Rövşanə Əliyeva və bunun kimi şəxslər 4-cü idarə deyilən bir qurumda birləşir: "Arzu Kazımov həmişə mənə deyirdi sən hüquqşünassan, ona görə də sənə elə gəlir ki, ölkədə hər şey hüquq müstəvisində həll olunur. Biz elə bir yerdə yerləşirik ki, bura nə polis, nə MTN, nə də prokurorluq girə bilər. Biz heç nazirləri də saymırıq. Bunu mənə Sevinc Babayeva da deyirdi. Onlarda o qədər arxayınlıq vardı ki...”
E.Abdullayev onu da deyib ki, qardaşı oğurlanana qədər A.Kazımov, Zaur Kazımov, Rövşanə Əliyeva adlı adamları tanımayıb: "2003-cü il, oktyabrın 13-də qardaşım oğurlandı, 14-də Sevinc Babayeva və Gülər Əhmədova yanıma gəldi. Gülər Əhmədova mənə dedi ki, qardaşın Mahirin mənə 600 dollar borcu var. Dedim qardaşım gəlsin, borcu olduğunu təsdiqləsə, mən sənə lap 1000 dollar qaytararam. Bunu deyəndən sonra onlar bildirdi ki, biz itkin düşənlərlə bağlı komissiyanın üzvüyük, kömək lazım olsa, deyərsən. Mən bunu belə qəbul etdim ki, yəni onlarla işləməliyəm”.
E.Abdullayev Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevlə görüşünə də toxunub. Deyib ki, R.Mehdiyevin adamlarının "sağa-sola vurduğunu” görəndə milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna düşüb: "Ondan xahiş etdim ki, Ramiz Mehdiyevlə görüşməyimə yardım etsin. Mahmudov da mənim yanımda Mehdiyevə zəng elədi. O da ertəsi gün saat 11-də məni qəbul etməyə razılaşdı. Bundan sonra Mahmudov mənə dedi ki, sabah saat 11-in yarısında MTN-də olum. Orada nazir müavini Əli Nağıyevlə görüşməli, o da məni Prezident Aparatına aparmalı idi. Deyildiyi kimi elədim. Əli Nağıyevlə getdik Prezident Aparatına. 3-cü girişdə Nağıyev məni yola salıb qayıtdı, mən də qalxdım Ramiz Mehdiyevin qəbuluna. Görüşdə həm deputatlıq, həm də qardaşımın oğurlanması məsələlərini müzakirə etdik”.
MTN ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev isə "Yeni Müsavat”a açıqlamasında E.Abdullayevin nazirin vasitəçiliyi ilə baş verən görüşü barədə sualı cavablandırmadı. Dedi ki, onlar qəzet yazılarını şərh etmirlər.

***

Dekabrın 29-da günün sonlunda isə məlum oldu ki, S.Babayevanın meyiti Azərbaycana göndərilmək üçün İstanbul Atatürk Hava Limanına aparılıb. APA-nın xəbərinə görə, meyit aeroportun karqo bölümündədir. Meyitin Bakıya göndərilməsinə hazırlıq gedir.
Azərbaycan Baş Prokurorluğu S.Babayevanın meyitinin ekspertizası ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, ekspertizanın qarşısına S.Babayevanın ölümünə səbəb ola biləcəyi ehtimal olunan bütün fərziyyələr üzrə suallar qoyulub.
Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşları türkiyəli həmkarları ilə birgə S.Babayevanın İstanbulda olduğu müddətdə yaşadığı ünvanı müəyyənləşdirib, onun ünsiyyətdə olduğu şəxslərin dairəsi dəqiqləşdirilməklə onların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. O da müəyyən edilib ki, S.Babayeva bu il 6-13 avqustda Bakıda Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının kardiologiya şöbəsində kəskin ağciyər emboliyası diaqnozu ilə müalicə olunub. Ekspertizanın nəticəsi barədə Türkiyədən cavab alınandan sonra bu barədə əlavə informasiya veriləcək.

Category: Siyasət | Views: 697 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 18:15
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012