"Siz o videodakı Sevinc Babayevanın yas yerini axtarırsız?” 9-cü mikrorayonda yerləşən beşmərtəbəli binalardan hansının mərhum S.Babayevanın ata evi olduğunu tapana qədər çox da əziyyət çəkmədik. Neyçün ki, həndəvərdəki taksi sürücülərindən tutmuş, mağaza satıcılarına qədər hər kəs o binanı, mənzilin nömrəsini dəqiq bilirdi.
Divardakı Sevinc Babayeva fotoları - onların arasında Zeynəb Xanlarova ilə çəkilən də var
Gündəmi məşğul edən bu rüşvət videoqalmaqalındakı açar fiqurun - S.Babayevanın qətlindəki gizlinləri açmaq üçün bu dəfə də onun ata evinə, həm də cümə axşamı mərasiminə getdik. Öncə ondan başlayaq ki, bu ev S.Babayevanın atası, keçmiş MTN-çi, "Xeyir və Şər” qəzetinin təsisçisi, mərhum Telman Babayevə məxsusdur. Kasıbyana evdə qeyri-adi bəzəklər və ya ev əşyaları yox idi. Kiçik zalda qonaqları qarşılayan ev yiyələri - S.Babayevanın anası Zəhra xanım və dayısı (onun adını qəzetdə yazmağımızı istəmədi-S.T.) isə daha çox gələnlərə Sevincin ölümü ilə bağlı detalları paylaşırdılar.
Biz mərhumun ailəsinə gedəndə hələ qonaqlar gəlməmişdi. Dediyim kimi, sadə və kasıbyana evi divarlardan asılan S.Babayevanın tək və oğlu ilə birgə çəkilmiş fotoları bəzəyirdi. Onların arasında S.Babayevanın deputat-müğənni Zeynəb Xanlarova ilə çəkdirdiyi, eləcə də oğlunun Məşhəd ziyarəti zamanı çəkilən fotosu diqqət çəkirdi.
"Sevinc Lökbatan qəbiristanlığında yekə bir yer götürmüşdü, özünə qismət oldu”
Mərhumun dayısı öncə qəzetlərə sitəm edərək söhbətə başladı. Dedi ki, bacısı qızının gizlicə basdırılması ilə bağlı yazılan xəbərlər cəfəngiyyatdır: "Ayıbdır axı. Qohum-əqrəba hamısı gəlmişdi. Bu evdən çıxmışıq. Lökbatanda basdırıldı. Kim istəyirsə, gedib ora baxa bilər”.
Anası onun məhz Lökbatanda basdırılmasına da aydınlıq gətirdi. Dedi ki, iki il əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Telman Babayev də orada basdırılıb: "Elə o vaxtdan Sevinc ordan yekə yer götürmüşdü. Dedim, ay bala, bu boyda yeri neynirsən? Dedi, ay mama, dünyanı tutub durmayacağıq ki. Balam məndən qabağa düşdü. Mənim yerimi sən niyə götürdün, ay Sevinc? (ağlayır-S.T.)"
Zəhra Babayeva onu da deyir ki, qırx mərasiminə qədər qızına qəbirdaşı da düzəldəcəklər. Amma o, qızının ölümündən daha çox arzuları barədə danışmağa üstünlük verir: "Ən böyük arzusu o idi ki, oğlunu evləndirsin. Dekabrda qayıtmaq istəyirdi. Əvvəl deyirdi, papamın da iki illiyini verək, sonra səni Ayxanla birgə Məşhədə göndərəcəm. Həmişə deyirdi, Ayxana həkim qız alacam. 4 nəvəm olacaq - birinə də özüm baxacam. Böyüyün adını Hüseyn qoyacam. İmamlardan birinin adı. Deyirdi, ailə ayrı olsa yaxşıdı. Amma mən istəyərdim ki, tək oğlum var deyə, mənimlə yaşasın”.
"Qızıma deyirdim, birində otur, ev-eşiyin olsun”
Anası qızının çox gözəl olduğundan danışır: "Heç kəs deməzdi ki, onun o boyda oğlu var. Tez ərə getmişdi. 19 yaşında. Amma bəxti özü kimi gözəl olmadı, tez boşandı. Ayxanın atası sağdır. Amma bu günə qədər heç oğlu ilə maraqlanmayıb, heç o da evlənməyib. Bizim üçün Ayxanın heç atası yoxdur. Onun bütün dünyası anası idi. Hər cür qayğısını anası çəkib, maraqlanıb, sevib onu. İndi uşaq elə bil ikiqat yetim qaldı. Sevincə həmişə deyirdim, a bala, birində otur, ev-eşiyin, ailən olsun. Deyirdi, yox e, mama, əsas oğlumdur. Mən indi nəvə haqqında fikirləşirəm, ər haqqında yox”.
Zəhra xanım qızının başqa cəhətlərini də tərifləyir. Deyir, Sevinc hər zaman gözəlliyə heyran olub: "Özü necə gözəl idisə, istəyirdi, yanındakı hər şey gözəl olsun. Ancaq gözəl adamlarla oturub dururdu. Heç vaxt ucuz nəsə almazdı. Bir dəfə bacısı hardansa ucuz paraşok almışdı. Yığdı onu bir klyoka, atdı. Dedi, belə şeylər adamın dərisinə ziyandır. Toy olurdu qonum-qonşuda. Heç çoxunu tanımırdı. Amma çağırırdılar deyə gedirdi. Deyirdim, a bala, sən heç onu tanımırsan, oğlunun toyuna da çağırmayacaqsan, niyə gedirsən? Deyirdi, mama, bəlkə mənim getməyimlə o kasıbın hansısa problemi həll olunacaq? Bax, belə ürəyi vardı mənim qızımın”.
"Sevinci xəstəxanaya götürmürdülər, Oqtay Şirəliyevə zəng edəndən sonra götürdülər”
3 bacının böyüyü olan S.Babayevanın qəfil ölümü isə anasını çox sarsıdıb. Müsahibimiz qızı ilə sonuncu telefon danışığını belə xatırlayır: "Axırıncı dəfə də telefonla danışanda dedi ki, ”mama, Gülər mənə söz verib ki, kompozitor (fövqəladə hallar naziri Kəmaləddin Heydərovu nəzərdə tutur-red.) məni Fövqəladə Hallarda işə qoyacaq, sən narahat olma". Mənim qızımı saldılar tora. Axırda da onlara maneçilik edirdi deyə aradan götürdülər. Çox şey bilirdi ey Sevinc, çox şey. Onun da əlində çox kaset vardı. Təəssüf ki, mənə iş barədə danışmırdı. Yoxsa mən hər şeyi dəqiqliyi ilə danışardım sizə".
Zəhra xanım qızının zəhərləndiyi günlə bağlı danışdı. Xatırladaq ki, S.Babayevanın oğlu Ayxan Məmmədov anasının Gülər Əhmədova tərəfindən zəhərləndiyini, bunun da nəticəsi olaraq, bir neçə ay sonra dünyasını dəyişdiyini söyləmişdi. Zəhra xanım da inanır ki, qızını sabiq deputat zəhərləyib: "Mən həmin gün evdə yox idim, bacımgilə getmişdim. Yay vaxtları idi. O biri qızım bizdə idi. Danışır ki, bir də gördük, bayırda bir maşın dəli kimi tormoz verdi. Baxdıq ki, Sevincdir. Aşağıdan qışqırıb ki, ölürəm. Bacısı görüb ki, bunun halı pisdir. Düşüblər aşağı, gətiriblər evə. Bu, dərhal qaytarıb. Bacısı görüb ki, yamyaşıldır qusuntusu. Qatıq-filan veriblər. Sonra bacısı qusuntusuna diqqətlə baxanda görüb ki, içində dumur-dumur nəsə var, dərman kimi. Bacısı soruşub ki, sən hardaydın, nə yemisən? Deyib, yeyib-içməkdən gəlirəm Gülərlə. Bu söz onun dilindən çıxıb. Ondan sonra bunun ciyəri pis günə düşdü. Əvvəl bunu ”diaqnostika"ya apardıq. Bütün həkimlər bundan qaçırdılar, baxmaq, müalicə etmək istəmirdilər. Yalandan da deyirdilər ki, yaydı deyə həkimlərin çoxu məzuniyyətdədir. Nəsə, axırda Sevinc Oqtay Şirəliyevə zəng elədi ki, mənə köməklik eləyin. O da tapşırıq verdi, bunu götürdülər xəstəxanaya, amma ağır xəstələrin qaldığı yerə".
"Sevinc xəstəxanada dedi, məni burda öldürəcəklər”
Anası S.Babayevanın Bakıdakı müalicə prosesində də şübhəli məqamlar olduğunu dedi. Onun sözlərinə görə, ilk dəfə qızının yanına heç kimi qoymurdular: "Sonra bizə dedi ki, mən burdan qorxuram, məni burda öldürəcəklər. Səhər dedi, burda bir dəqiqə də qalmaram. Burda bir arvad ölüb. Ürəyimə damıb ki, məni də öldürəcəklər. Sonra gətirdik, bunun vəziyyəti lap pisləşdi. Gecə 12-də yenə Sevinc qayıtdı ki, mama, məni xəstəxanaya aparın. Gətirdik, Neftçilər Xəstəxanasına. Dedilər, bu xəstə buranın xəstəsi deyil, qəbul eləmədilər. Təsəvvür elə, dövlət xəstəxanasıdır, bunlar belə özbaşınalıq edirlər.
Sonra apardıq Gömrük xəstəxanasına. Burda bu, bir az toxtadı. Yaxşı da pul qırdılar bizdən. Müalicəsi yaxşı idi. Yaxşı həkimlərə tapşırmışdılar onu".
Bu yerdə dayısı müdaxilə edir söhbətə: "O, xəstəxanada olanda mən Sevincin yanına getmişdim. Dedi ki, dayı, məni zəhərləyiblər. Soruşdum, kim edib? Cavab vermədi. O qorxurdu deməyə”.
Zəhra xanım qızının necə ehtiyatlı insan olmasından danışır: "Sevinc adi bir konfeti yeməzdən əvvəl də onu yoxlayırdı, sonra yeyirdi. Onun kimi ehtiyatlı adamı ancaq Gülər kimisi zəhərləyə bilərdi. Bizə də demişdi ki, hər şey onunla yeyib-içəndən sonra baş verib”.
"Gülər görüb, qəşəng qızdır, buna hədiyyələr alıb, öz tərəfinə çəkib”
Yeri gəlmişkən, anasından S.Babayeva ilə G.Əhmədovanın tanışlıq hekayəsini soruşuruq: "Sevinc jurnalist olanda bunlar parlamentdə tanış olublar. Gülər onu görüb, baxıb ki, qəşəng, dili şirin gəlindir. Başlayıb buna hədiyyələr-zadlar verməyə. Çəkib öz tərəfinə. Elşadın universitetində dərs deyib Sevinc. Kitabı-zadı çıxıb. Ordan-ora hər ikisini də tanıyıb. Bunlar da birləşib mənim balamın axırına çıxdılar”.
Müsahibimiz qızına məxsus "Sahil” metrosunun üstündəki binadakı mənzilin müəmmalı şəkildə boşaldılmasına da aydınlıq gətirdi. Dedi ki, o binanın sahibi olan Rafiq adlı şəxslə özü danışıb: "Ona deyirəm ki, axı Sevinc mənə vərəq yazıb qoyub ki, bu ev üçün əvvəldən Rafiq müəllimə 30 min vermişəm, 100 min də sonradan vermişəm və ”kupça"nı almışam. Mənə qayıtdı ki, "mənim sizə verəcək pulum yoxdur”. 3 ay xəstəxanada, 3 ay Türkiyədə müalicə olunub. Evdə qalmayıb axır vaxtlar. Nəsə, Sevinc Türkiyəyə gedəndən sonra bir gün qəfil evə çağırdılar, getdik. Gördük, 3 dənə arvad girdilər qəfil içəri. Sonra kişilər. Tez-tələsik başladılar yığışdırmağa. Dedilər, siz qarışmayın, özümüz edəcəyik hər şeyi. Mən də bizim qızlara dedim, sakit durun, heç nə danışmayın, görək bu nə oyundur. Sevinc özü gələr, həll edər".
"Əbülfəz Qarayev Sevincə deyib, gəl sənə kitabxana verim, fırlat onu”
Zəhra xanım danışır ki, G.Əhmədova ilə ailəvi yaxınlıqları olub: "O, mənim bacım qızının toyunda iştirak etmişdi. Sevinclə 16 ilin rəfiqəsi idilər. Amma 2 il əvvəl yoldaşım rəhmətə gedəndə Gülər gəlməmişdi. Dedim, Sevinc, siz necə rəfiqəsiz ki, bu sənin atanın yasına gəlməyib. Dedi ki, biz onunla küsmüşük. Sonradan bunun qılığına necə giribsə, təzədən danışmağa başlayıb qızım onunla. Nə gəldi, nə zəng elədi. Dedim, Sevinc, o zalım adamdır. Dedi, mama, bilirəm. Dedim, amma sən məni burdan götürüb onun qayınanasının yasına aparmışdın. Nəyimə lazım idi, o soyuqda getmişdim, oturmuşdum orda”.
Anasının sözlərinə görə, S.Babayeva son iş yeri olan Sabir adına kitabxanaya da G.Əhmədova ilə küsülü olduğu vaxt rəhbər təyin olunub: "O vaxt Sevinc iş axtarırdı. Əbülfəz Qarayevə zəng edib. Deyib ki, mənə iş verin. Amma deyə bilməyib ki, Gülərlə aram dəyib. Əbülfəz də deyib, Sevinc xanım, sizə nə iş verək? Gəl bir dənə kitabxana verim sənə, fırlat onu. Sonra Sevinc bədbəxt o kitabxananı nə qədər təmir etdirdi. Kadrlarına çox hörmət edirdi kitabxanada. Onlara sadəcə deyirdi ki, burda yağ-soğan qızartmayın, soğan yeməyin. Soğanın iyi kitabların üstünə çökür axı. Kitaba böyük hörməti vardı Sevincin. İki institut, aspirantura qurtarmışdı. Elə-belə uşaq deyildi o”.
"Gülərin yoldaşı Sevincin ölümündən bir həftə əvvəl onu görüb və bəlkə də zəhərləyib”
S.Babayevanın anası və dayısı indi onun oğlundan narahatdılar. Dediklərinə görə, S.Babayevanı bu cür aradan götürən şəxslər onun oğlunu da danışdığına görə susdura bilərlər: "Ayxana indi mühafizə lazımdır. Deyirlər, Türkiyəyə gedib ölüm kağızını almalısan. O uşağı elə yolda öldürərlər ey. Onu tək buraxmadım keçən dəfə. Elə bircə dəfə stüardessa bunun içkisinə dərman qatar. Havadaca ölər uşaq”.
Dayısı isə bacısı qızının arxası ilə Türkiyəyə getdiyi günlər yaşadıqlarını danışdı. Xatırladaq ki, onun cəsədini almaq üçün qonşu ölkəyə oğlu A.Məmmədovla yanaşı, dayısı da getmişdi: "Biz gedəndə Sevincin meyiti Medicana Xəstəxanasının morqunda idi. 5 min dollar istədilər bizdən. Şüursuz halda aparıblar onu. Bəlkə də meyitini aparıblar, bilmirik. Sevinci ora Səlcuq adlı şəxs aparıb - Gülərin ordakı adamı, Sevinci qoruyurdu guya. Birinci xəstəxanaların birinə aparıb, qəbul etməyiblər. Sonra bura gətiriblər. Ürəyini masaj ediblər. Mən də xəstəxanada dedim ki, ”bəyəm burda 2 saat saxlayıb, sonra da onu öldürdüyünüzə görə 5 min dollar verməliyik sizə? Ona qalsa siz bizə pul verməlisiniz. Digər tərəfdən də, bizim o qədər pulumuz yoxdur. Ancaq yol pulumuz var, bir də meyitin gətirilməsi üçün pulumuz".
Müsahibimiz deyir ki, Ayxan anasının meyitini görüb. Onun təsdiqindən sonra İstanbul polisi xəstəxanaya tökülüb. Müsahibimiz Türkiyə polisinin Səlcuq adlı şəxsi də dindirdiyini dedi: "Səlcuq Gülər Əhmədovanın adamı idi. Onu orda guya qoruyurdu, amma əslində nəzarət edirdi ki, bayıra çıxmasın. Ondan xoşum gəlmədi, özünü oğru kimi aparırdı, ora-bura qaçırdı. Sevincin ölümündən bir həftə qabaq Gülər Əhmədovanın əri İstanbula, onun yanına gedib. Pul aparıb. Bəlkə də əlləri ilə zəhər aparıb verib ona? Ölümü ona görə bu cür tezləşib? Analiz göstərəcək ki, əslində məsələ nə yerdədir”.
Anası Zəhra xanım isə yenə iddia edir ki, həkimlər Bakıda ikən onun "dekabra qədər qonaq olduğunu”, ondan sonra öləcəyini deyiblər: "Elə zəhər vermişdilər ki, birdən öldürmürdü adamı, yavaş-yavaş axırına çıxırdı. Əvvəl ciyərinə vurdu, sonra ayaqları tutuldu, dalınca da ürəyi bu formaya düşdü”.
"Qızımı aeroporta Gülər apardı”
Müsahibimiz deyir ki, qızının ölümündən sonra G.Əhmədova ona başsağlığı verməyib: "Köməkçisi Zülfiyyəni göndərmişdi yasa. Ona dedim, Gülər bu uşağı niyə ölümə apardı? Gülərin deputatlığı üçün Sevinc nə qədər əziyyət çəkmişdi. Gecəsi-gündüzü yox idi yazığın”.
Zəhra xanım qızının türmədən çox qorxduğunu dedi: "Ö, ölümü türmədən üstün tuturdu. Deyirdi, ora düşməkdənsə ölsəm yaxşıdı”.
Müsahibimiz qızı ilə son görüşlərini, yəni ölkəni tərk etdiyi günü də yada saldı: "Gecə saat 11 idi. Sevinc girdi içəri. Rəngi ağappaq idi. İçəri girən kimi dedi, Allah sənə rəhmət eləsin, Sevinc Babayeva. Dedim, ay qız, sənə nə olub? Dedi, gedirəm. Hara gedəcəyini demədi. Maşınsız gəlmişdi özü də. Bir vərəqə yazıb verdi ki, filan podruqama zəng eləyərsən, onda pulum var. Filan yerə filan qədər ödəmişəm. Sonra zəng elədi öz telefonundan kiməsə. O adama dedi, gəl evin yanına, hazıram. Baxdım telefonuna, gördüm Gülər yazılıb. Demək, Sevinci Gülər apardı aeroporta. Zəng elədim Gülərə, dedi, narahat olma, qızın yaxşı yerdədir. Hər şey yaxşı olacaq”.
Bu yerdə qapı döyülür və cümə axşamına qonşular da gəlir. Ev yiyələri xahiş edirlər ki, qonaqların yanında bu söhbəti danışmayaq. Biz də yas məclisini pozmaq istəmədiyimiz üçün oranı tərk edirik. Allah rəhmət eləsin!
P.S. Yazıda adları çəkilən nazirlər, xəstəxanalar (onların səlahiyyətli nümayəndələri), eləcə də G.Əhmədova bu iddialara cavab vermək istəyərsə, onları dinləməyə hazırıq.
P.S.S. Təəssüf ki, ailə üzvləri əməkdaşımıza onların fotosunu çəkməyə icazə vermədi.