Sevinc Babayevanın ölümü ilə bağlı onun oğlu Ayxan Məmmədov sabiq deputat Gülər Əhmədovanı ittiham edib.
Azer-Xeber.ucoz.com-un məlumatına görə, Ayxan Məmmədov bu barədə azpolitika.info-ya ünvanladığı məktubunda bildirib.
Ayxan Məmmədov həmin məktubunda yazır: "Mən, Məmmədov Ayxan Eldar oğlu, sizə yazıb bildirmək istəyirəm ki, mənim anamın - Babayeva Sevinc Telman qızının ölumünün səbəbkarı Gülər Əhmədovadır!
Hələ yay ayları idi. Anam evə gəldi, halı çox pisləşmisdi. Evdə qusdu. Mənə dedi ki, Gülərlə həmin gün görüşüblər, gedib bir yerdə çorək yeyiblər. Sonra da bildirdi ki, Elşadla ovaxtkı söhbətin videosu yayılacaq. Anama dedim ki, sən heç nədən narahat olma, sənlik heç nə yoxdu, pulu kim yeyib, qoy o da narahat olsun. Anamla Gülər neçə il idi danışmırdılar. O söhbətə görə Gülərlə düşmən olmuşdu. Səhəri gün anamın halı daha da pisləşdi, anam dedi ki, Gülər mənə zəhər verib. Sentyabrın 25-də gecə anam mənə zəng vurdu, dedi ki, gəl, "Domsovet”ə - Gülər Əhmədovanın yanına. Çox həyəcanlı səslə danışırdı. Dedim, ana, gəl evə, mən də evə gedirəm, orada danışaq. Evə gələndə anam dedi ki, Elşad Abdullayevin söhbəti ilə bağlı Gülər ona təklif edib ki, 3 günlük Türkiyəyə get, səni orda mənim adamlarım qarşılayacaqlar. Anama dedim ki, inanma, o aldadır səni, amma qulaq asmadı. Gülər Əhmədova sadəcə bu oyunda vaxt qazandı”.
Daha sonra Ayxan Məmmədov dəfələrlə Gülər Əhmədovaya zəng vurduğunu yazır: "Zəng vurub dedim ki, anamı geri gətizdir, necə ki, göndərmisən. Anamı orda Gülər Əhmədovanın adamları qarşılamışdı - Səlcuq adlı bir şəxs. Mən özüm noyabrın 10-da xalamla birlikdə anamın yanına getmişdim, bizi hava limanında Gülərin adamları qarşıladı. Anam orda çox pis vəziyyətdə idi. Ona yalvardım ki, gəl, geri qayıdaq, Gülər səni qurban vermək istəyir. Gülər anamla bu nömrəylə danışdı:051-993-36-36 . Gülər ona dedi ki, Sevinc, gəlmə, sənə «stop» qoyublar. Beləcə anamı qorxuzdu. O bilirdi ki, mənim anam yeganə şahiddi. Amma mən də hər şeyi bilirəm! Anamın əlyazmaları var, Türkiyədə olarkən mən onları oxudum. 3 vərəq yazı idi, hamısı türk polisindədir".
Qeyd edək ki, adı çəkilən sayt məktubun həqiqətən də Ayxan Məmmədova məxsus olub-olmadığını dəqiqləşdirib. Saytın yaydığı məlumata görə, Ayxan Məmmədov məktubun ona məxsus olduğunu təsdiqləyərək, əlavə məlumatlar da verib.
Ayxan Məmmədovun sözlərinə görə, Bakıda anasının vəziyyəti pisləşəndən sonra onu aparmadığı xəstəxana, həkim qalmayıb. Amma heç kim anasının səhhətində qəfildən yaranmış, qusma və başağrısı ilə müşaiyyət olunan xəstəliyin səbəbini izah edə bilməyib: «Əvvəlcə «Tusi» klinikasına getdik, sonra apardıq «Semaşko»ya, orda bir gün qaldı. Həkimlər nə olduğunu müəyyənləşdirə bilmədilər. Dedilər, aparın Diaqnostika Mərkəzinə. Müxtəlif analizlər verdik, həkimlər xeyli məsləhətləşəndən sonra məni çağırıb dedilər ki, nə olduğunu başa düşə bilmirik. "Neftçilər” xəstəxanasında da həkimlərdən eyni cavabı aldıq».
A.Məmmədovun sözlərinə görə, Sevinc Babayeva Türkiyədə də həkimə gedib, amma vəziyyət pisləşdiyindən, səhhəti ikinci plana keçib: «Mən Bakıya qayıtdım ki, nəsə satım pulunu Türkiyəyə aparım. Çünki onu Gülər Əhmədova özü yollamasına baxmayaraq, anama kömək etmirdi. Elə deyirdi ki, Sevinc, sən əsas şahidsən, bura gəlsən, məni tuta bilərlər».
Ayxan Məmmədovun sözlərinə görə, anası ona Gülər Əhmədova tərəfindən zəhərləndiyini bildirib: "Anam öz diliylə mənə deyib ki, onu Gülər zəhərləyib! Gülər anama deyirdi ki, Sevinc, səni tutsalar, bunu özümə bağışlaya bilmərəm. O isə deyirdi ki, başa düşmürəm, məni niyə tutmalıdırlar? Gülər bilirdi ki, anamın çox ömrü qalmayıb… Dekabrın 26-da mən Türkiyəyə gedirdim, hiss etmişdim ki, nəsə olub. Aeroportdan məni buraxmadılar, dedilər ki, "stop” siqnalı verilib. Prokurorluqdan səbəbini soruşdum, dedilər ki, gəl, danışaq. Az sonra da Türkiyədən xəbər aldım ki, anam rəhmətə gedib. İndi də bilmirəm ki, məni ölkədən niyə buraxmırdılar, maraqları nə idi?!”
A.Məmmədov indiyədək susmasının səbəbini isə başının anasının dəfn mərasiminə qarışmasıyla izah edib.
Sayt ittihamlara Gülər Əhmədovanın münasibətini öyrənmək istəsə də, sabiq deputatın telefonu qapalı olduğundan buna nail oila bilməyib. |