İsrail rejiminin xarici işlər nazirliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlamasına münasibət bildirib. Bu barədə jurnalist Petr Lyukimsonun İsrail rejimindən xüsusi olaraq "Vestnik Kafkaza" dərgisi üçün hazırladığı yazıda bildirilir. "İsrail Həsənquliyevin bəyanatını dəyərləndirdi" başlıqlı yazını oxucularımıza təqdim edirik:
"İsrailin siyasi və jurnalist dairələri Azərbaycan Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin Yaxın Şərqdəki vəziyyət barəsindəki bəyanatını yüksək dəyərləndiriblər.
Xatırladaq ki, Qüdrət Həsənquliyev APA-ya müsahibəsində Yaxın Şərqdəki vəziyyəti şərh edərək bildirmişdi ki, biz dinc müsəlman qardaşlarımızın ölümünə acısaq da, bu məsələdə İsrailin haqlı olduğunun fərqinə varmalıyıq: "Ona görə ki, burada söhbət Fələstin xalqından getmir, burada əsas problem HƏMAS-dır. HƏMAS və "Hizbullah"ın ərəblərdən çox, İranın maraqlarından çıxış etməsi hamıya bəllidir. İranın təxribatları nəticəsində İsraillə münasibətləri gərginləşdirdilər. HƏMAS və "Hizbullah" bununla da öz xalqlarına böyük fəlakət yaratdılar. Hesab edirəm ki, Misirdə və Türkiyədə də liderlər sadə insanlara hesablanan çıxışlar edirlər. Bu adamlar kənarda duraraq bildirirlər ki, "HƏMAS, "Hizbullah", siz haqlısınız və İsrail uşaq qatilidir". Bununla da, işlərini bitmiş hesab edirlər. İsrailin qorxusundan isə onlar Fələstinə heç bir kömək etmirlər. Doğrusu, HƏMAS və "Hizbullah" rejimindən Fələstin xalqının canını qurtarmaq üçün İsrail və dünya birliyi orada normal hökumətin formalaşmasına dəstək verməlidir. Qəzzada olan insanları HƏMAS və "Hizbullah"ın təzyiqindən azad etmək lazımdır. Bu qüvvələr öz xalqı üçün çox təhlükəlidir. Çünki onlar öz xalqının maraqlarını deyil, onları maliyyələşdirən İranın maraqlarından çıxış edir. Hesab edirəm ki, Azərbaycan İsraillə əməkdaşlığını genişləndirməlidir. İsraildən müasir silahlar alınmalı, bu istiqamətdə hərbi əməkdaşlıq bir qədər də genişləndirilməlidir. Qardaş Türkiyənin başı HƏMAS və ermənilərlə işbirliyinə, o cümlədən, yeni aviareyslərin açılmasına qarışdığından ikinci belə dövlət yoxdur ki, əməli işdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yardım etsin. Biz ərəb xalqının, müsəlman qardaş-bacılarımızın yanında olmalıyıq, amma HƏMAS-ın yox".
Yazıda bildirilir ki, BAXCP sədrinin bu bəyanatı İsrailin çoxsaylı elektron kütləvi informasiya vasitələrinin diqqətini cəlb edib.
İsrail Xarici İşlər Hazirliyinin yüksək rütbəli məmurlarından biri Qüdrət Həsənquliyevin fikirlərini Petr Lyukimsona şərh edib və bildirib ki, bu bəyanat bir daha sübuta yetirir ki, Azərbaycanın geniş siyasi dairələri nəinki İsraillə münasibətlərin inkişafında maraqlıdırlar, onlar həmçinin hazırda "cəbhə xətti"nin haradan keçdiyini də yaxşı bilirlər: "Cəbhə xətti isə Qərbdəki bəzi islamofobların iddia etdiyi kimi heç də yəhudi-xristian və islam siviliziyasiyalarının arasından deyil, bütövlükdə insan sivilizasiyasının təməl sütunlarından biri olan islamla İranın və onun müttəfiqlərinin siyasiləşdirdiyi fundamentalist islamın arasından keçir. Bu baxımdan, Qüdrət Həsənquliyevin fikirləri müəyyən mənada İsrailin baş naziri Benyamin Netanyahunun bir müddət öncə səsləndirdiyi bəyanatla üst-üstə düşür. Bütün hallarda, İsrail beynəlxalq arenadakı bu sabit və dost mövqeyinə görə Azərbaycana minnətdardır".
Yazıda eyni zamanda BAXCP sədrinin bir neçə ay öncə səsləndirdiyi Azərbaycan Respublikasının adının Şimali Azərbaycan Respublikası ilə əvəzlənməsi barədə fikirlərinin də İsrail rejiminin mətbuatında uzun müddət müzakirə olunduğu qeyd olunur: "Qüdrət Həsənquliyevin məhz bu demarşı İsraildə Azərbaycana və onun problemlərinə yenidən maraq göstərilməsi üçün qığılcım rolunu oynadı".