Ceyms Foli AFP agentliyinin müxbiridir Suriyada daha bir jurnalist itkin düşüb. "Agence France Press" (AFP) agentliyinin müxbiri Ceyms Folinin noyabrın 22-də itkin düşdüyü bildirilir. Agentlik bu barədə yalınz dünən xəbər yayıb. 39 yaşlı amerikalı hərbi jurnalist Ceyms Folinin Taftanaz şəhərində dörd silahlı şəxs tərəfindən qaçırıldığı bildirilir. AFP agentliyinin məlumatına görə, indiyədək hələ heç bir qruplaşma jurnalistin qaçırılmasına görə məsuliyyəti öz üzərinə götürməyib və motivlər də hələ məlum deyil. Jurnalistin ailəsi 6 həftə ərzində bu barədə heç kimə xəbər verməyərək, kütləvi-informasiya vasitələrində susmağın onun tapılmasına kömək edəcəyinə ümid edib. Dünən jurnalistin atası nüfuzlu Amerika telekanaları vasitəsilə oğlunu girov saxlayan şəxslərə müraciət edib və onun azad edilməsi üçün ailəsi ilə əlaqə saxlamalarını xahiş edib. Jurnalistin ailəsi onun azad edilməsi kampaniyasına həsr edilmiş sayt da yaradıb.
Qeyd edək ki, Suriyada 2011-ci ilin martından bəri davam edən iğtişaşlarda 36 jurnalist və digər KİV nümayəndəsi həlak olub. Beynəlxalq Mətbuat İnstitutu isə Suriyanı 2012-ci ildə jurnalistlər üçün ən təhlükəli ölkə adlandırıb.
BMT-nin son açıqlamasına görə, Suriyada 2011-ci ilin martından bəri iğtişaşlarda ölənlərin sayı 60 mini ötüb.
|