Türkiyə Gənclik Konfederasiyasına daxil olan İstanbul Gənclik Federasiyası (İGF) yanvar ayının 5-də Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı mühüm sənəd qəbul edib. Bu barədə məlumatı hazırda İstanbulda gənclərdən ibarət nümayəndə heyəti ilə səfərdə olan "İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı verib. Onun sözlərinə görə, ötən gün "İslahatçı Gənclər”in nümayəndə heyəti ilə İGF-nin rəhbərliyi arasında görüş baş tutub. Görüşdə İGF başqanı Alpay Gürel Azərbaycan həqiqətlərinə dəstək ifadə edən sənədi İGİB sədri Fərid Şahbazlıya təqdim edib. Sənəddə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı qəsəbəsində erməni silahlı qüvvələri tərəfindən insanlığa qarşı cinayət törədildiyi və İGF-nin bunu soyqrım kimi qəbul etdiyi vurğulanır. Qeyd olunur ki, İstanbul Gənclik Federasiyası Azərbaycan Respublikasının beynəlxalq qanunlarla tənzimlənən ərazi bütövlüyü dəstəkləyir və Ermənistanın işğal siyasətini qınayır. Federasiya Azərbaycanın işğal altındakı torpaqlarının tam və qeyri-şərtsiz boşaldılmasını və Ermənistanın BMT Təhlükəsizlik Şurasının bununla bağlı qərarlarını yerinə yetirməyi tələb edir. Sənəddə İGF-nin Azərbaycanın Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı göstərdiyi səyləri tam dəstəklədiyi və daima ölkəmizin yanında olduğu əksini tapır. Federasiya eyni zamanda, Azərbaycan prezidenti cənab İlham Əliyevin Krans Montana Forumunun açılışında verdiyi "Azərbaycan öz torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək” bəyanatını tamamilə dəstəkləyir. Qeyd edək ki, Türkiyə Gənclik Konfederasiyasının Şimali Kipr Türk Cumhuriyyəti də daxil olmaqla Türkiyənin yeddi bölgəsində təmsilçiliyi var və qurumda müxtəlif gənclər dərnəkləri təmsil olunur. Konfederasiyaya daxil olan İstanbul Gənclik Federasiyası isə Türkiyənin ən nüfuzlu və strukturlaşmış gənclər qurumudur. Federasiyanın səkkiz bölgədə və dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri fəaliyyət göstərir.
|