Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun baş katibi, hakim Ədalət və İnkişaf Partiyasının Ərzurum millət vəkili Adnan Yılmaz 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı bəyanat yayıb. AzərTAc-a istinadən verilən xəbərə görə, bəyanatda deyilir ki, o zaman SSRİ-nin rəhbəri olan Mixail Qorbaçovun irəli sürdüyü "aşkarlıq və yenidənqurma” siyasəti uğursusluqla nəticələndikdən sonra müttəfiq respublikalar arasında münaqişələrə rəvac verildi. 1990-cı ildə Şərqi Avropada müstəqillik hərəkatlarının xoş qarşılandığı bir şəraitdə, Azərbaycan xalqının bu istiqamətdəki tələbləri, azadlıq hərəkatı qəddarlıqla qarşılandı. Azadlıq və istiqlal üçün küçələrə toplaşan insanlar yanvarın 20-də bir dəhşət yaşadılar. Müdhiş bir qış gecəsi sovet ordusunun tankları Bakı küçələrini işğal edərək dinc əhaliyə divan tutmuş, 147 nəfəri qətlə yetirmiş, yüzlərlə insanı yaralamışdır. Azərbaycanın müstəqillik mübarizəsinin mühüm bir səhifəsi olan 20 Yanvar hadisələrində həlak olan qəhrəmanları ehtiramla, şəhidlərimizi rəhmətlə anırıq.
|