Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 6 » “Xalqı müharibəyə hazırlamalıyıq”
11:50
“Xalqı müharibəyə hazırlamalıyıq”

Qüdrət Həsənquliyev: "Gözləyirəm ki, proporsional seçki sistemi bərpa ediləcək”

2012-ci ilin son günlərini yaşayırıq. Başa vurduğumuz ildə hansı uğurlar əldə etdiyimiz, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində nə qədər məsafə qət edə bildiyimiz sual doğurur. BAXCP sədri, deputat Qüdrət Həsənquliyev "Gündəlik Teleqraf”ın suallarını cavablandırır. 


- Niyə Ermənistan referendum təklifindən imtina etmişdi?

- Çünki Rusiya buna icazə vermədi. Rusiyanın özünün Azərbaycandan istəkləri var. Bu təmin olunmadığı üçün bizi təsir dairəsində saxlamaq məqsədilə Ermənistana icazə vermədilər ki, Madrid prinsiplərinə razı olsun. Əks halda Ermənistan üçün nə fərq edir ki? Referendum lap on il sonra da keçirilə bilər. Dağlıq Qarabağ hazırda onlardadır və Madrid prinsiplərinə əsasən bölgə beynəlxalq nəzarətə verilməlidir. Yəni bu Ermənistana sərf edən təklif idi, sadəcə Kremlin maraqlarına uyğun deyildi. Odur ki, biz xalqımızı müharibəyə hazırlamalıyıq. Torpaqlarımızı almaq istəyiriksə, müəyyən itkilərimizin olacağını da göz altına almalıyıq. Bunun başqa yolu yoxdur. 

- Məhkəmə hakimiyyətində aparılan islahatlar, bu sahədəki mövcud vəziyyət sizi qane edirmi?

- Açığını deyim ki, bu istiqamətdə islahatlar yubanıb. Xalqın məhkəmə hakimiyyətinə inamını bərpa etmək lazımdır. Hətta YAP-dan olan deputatlar da Milli Məclisdə məhkəmə qərarlarının yerinə yetirilməməsindən gileylənir. Məhkəmə hökmünün ədalətli və ya ədalətsiz olması məsələsi bir yana qalsın. Çox zaman məhkəmə qərarları icra edilmir. Burada kifayət qədər neqativ hallar var. Təbii ki, məhkəmə qərarlarının icra edilməməsində kənar müdaxilələr və icraçıların şəxsi maraqları əsas rol oynayır. Hesab edirəm ki, bizdə məhkəmə hakimiyyəti sistemi düzgün qurulmayıb. Mən bunu parlamentdə də bildirmişəm. Bizdə hakimləri seçən, təltif edən, cəzalandırmalı olan Məhkəmə Hüquq Şurasına hökumətin nümayəndəsi başçılıq edir. Məhkəmə hakimiyyəti isə icra orqanından ayrı olmalıdır. Bu halda icra hakimiyyəti nümayəndəsinin Məhkəmə Hüquq Şurasının sədri olması konstitusiyaya ziddir. Məhkəmə prosesində tərəf kimi çıxış edən vəkillərin Məhkəmə Hüquq Şurasında nə işi var? Bu məsələlər aradan qaldırılmalıdır. Bunun əvəzində Məhkəmə Hüquq Şurası sədrinin səlahiyyət müddəti 2,6 ildən 5 ilə qaldırıldı. Bu xoşagəlməz məqamdır. 

Məncə, Məhkəmə Hüquq Şurasında yalnız hakimlər təmsil olunmalıdır. Orada deputatların təmsil olunması da yolverilməzdir. Deputatlar elmi-pedoqoji vəzifədən savayı heç bir təyinatlı və seçkili vəzifə tuta bilməz. Əslində bu problemlərin çoxu oradan qaynaqlanır. Son dəyişikliklərdən sonra hakimləri iki il müddətinə elmi-pedeqoji fəaliyyətə göndərəcəklər. Bu da konstitusiyaya ziddir. Çünki hakim məhkəmə prosesində çəkişmə prinsipinin ədalətli keçməsi üçün münsif rolunda çıxış edir. İndi hakimləri 2 il müddətinə işindən ayırıb hansısa məktəbdə dərs deməyə göndərəcəklər. Məncə, buna ehtiyac yoxdur və hakimi işindən ayırmaq doğru deyil. Digər tərəfdən, hakimlərin və vəkillərin sayı baxımından bizim ölkəmizdə problemlər var. Bəzən hakimlərin icraatında onlarla iş olur. Məncə, hakim icraatında olan bir işi başa çatdırmadan ona ikinci işi vermək doğru deyil. Vəkillərin və hakimlərin sayını artırmaq üçün addımlar atılmalıdır. Bu sahədə ciddi islahatlara ehtiyac var. Son nəticədə məhkəmə hakimiyyəti müstəqil hakimiyyət qolu kimi özünü təsdiq etməlidir. 

- Gəlin 2012-ci ildə baş verən siyasi proseslərdən və onun nəticələrindən danışaq. Başa vurduğumuz il siyasi baxımdan yaddaşlarda necə qaldı?

- Əlbəttə, 2012-ci ildə Azərbaycanda yadda qalan bir neçə hadisə olub. "Eurovision -2012” mahını müsabiqəsinin Azərbaycanda keçirilməsi əlamətdar hadisə idi. Eləcə də, Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiya edilməsi və dərhal azad olunması mühüm hadisə idi. Bundan savayı, 2012-ci il həm də tarixdə 2015-ci il Avropa Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın çıxarılması ilə yadda qalacaq. Yola saldığımız ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olaraq fəaliyyətə başladı. Hesab edirəm ki, bu da ölkəmiz üçün önəmli və yadda qalan hadisədir. Mən Qəbələ Radiolokasiya Stansiyasından Rusiyanın hərbi qüvvələrinin çıxarılmasını, Azərbaycan-Rusiya arasında bu stansiyanın istismarı ilə bağlı müqaviləyə son qoyulmasını xüsusilə qeyd etmək niyyətindəyəm. Bildiyiniz kimi, bu müqavilənin vaxtının başa çatması və uzadılmaması səbəbindən sonuncu rus əsgəri Azərbaycan ərazisini tərk etdi. Məncə, bu da Azərbaycan tarixində mühüm hadisə kimi qalacaq. 

- 2012-ci ildə mənfi hallar kimi nəyi qeyd edə bilərsiniz?

- Qarabağ münaqişəsi ilə bağlı uğurun əldə edilməməsi narahatlıq yaradır. Eləcə də, islahatların aparılmaması, ciddi irəliləyişlərin olmaması. Amma ümid edirik ki, 2013-cü biz ciddi nailiyyətlərin şahidi olacağıq. 

- 2012-də iqtidarla-müxalifət arasında dialoq baş tutmadı və tərəflər seçkilərə ittihamlarla gedirlər. 2013-cü ildə dialoqun baş tutması ehtimalı nə qədərdir?

- Təbii ki, 2012-ci ildə dialoq baş vermədi və bu bizi qane etməyən məqamdır. İslahatlar da aparılmadı. 2012-ci ildə müsbət məqamlardan biri kimi Asan Xidmətin yaranması oldu. Bu mütərəqqi addım idi. 2012-ci ildə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi haqda qərar verilsə də, siyasi qüvvələr arasında dialoqun aparılmaması mənfi haldır. Müxalifətlə dialoqun qurulmaması, parlamentin rəhbərliyində müxalifətə yer ayrılmaması, Milli Məclisin daxili nizamnaməsinin dəyişdirilməməsi və müxalifətə fraksiya yaratmaq imkanı verilməməsi faktı bəzi xarici qüvvələrin Azərbaycana qarşı kampaniya aparmasına səbəb olur. Söhbət ondan getmir ki, müxalifət nümayəndələri parlamentdə vitse-spiker və ya komitə sədri olsaydı, nələrsə dəyişərdi. Əsla! Çünki parlamentdə müxalifətin sayı məhduddur. Amma bu yeni proseslərin başlaması üçün yaxşı təməl olardı. 

- 2013-cü ilə hansı gözləntilərlə gedirsiniz?

- Mənim arzum və gözləntim odur ki, bu il biz beynəlxalq təşkilatların və xalqımızın şübhə altına almayacağı, beynəlxalq standartlara yaxın seçkilər keçirək. Bunun ardınca, Azərbaycanda ciddi konstitusiya islahatları aparılsın. Gözləyirəm ki, 2015-ci ilin parlament seçkiləri zamanı proporsional seçki sistemi bərpa ediləcək və biz parlamentli respublikaya keçid edəcəyik. Mən 2013-cü ildə Dağlıq Qarabağla bağlı ciddi qərarların qəbul olunacağını gözləyirəm. Həm də gözləntim odur ki, 2013-cü ildə Cənubi Azərbaycanda böyük milli azadlıq hərəkatı başlayacaq. 
Category: Müsahibə | Views: 810 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 21.11.2024, 19:28
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012