Gözəgəlimli qızlar müştərilərin diqqətini yayındırır
"ABU-Petrol” yanacaqdoldurma məntəqəsinin daimi müştərilərindən birinin redaksiyaya verdiyi məlumata görə, bir ilə yaxındır Nərimanov rayonu ərazisində yerləşən məntəqədə müştərilərin diqqətini yayındırıb, avtomobillərə doldurulan benzini kəsirlər.
Belə ki, ərazidə bir neçə qız avtomobilinə benzin doldurmaq sifarişi verən müştərilərə yaxınlaşıb onların diqqətini özünə cəlb etmək istəyir: "Əllərində "Avtojurnal”, "Ok” və başqa uşaq şəkilləri olan jurnallar tuturlar. Hər dəfə biri yaxınlaşıb dil tökür ki, onlardan jurnal alım. Deyir, jurnalları iflas olub, yardın edim, kömək göstərim və sair. Elə ki, yanacaqdoldurma qurğusunun ekranında göstərir ki, benzin baka yükləndi, o zaman aralanırlar. Yanvarın 16-da 20 manatlıq benzin vurdurdum, 5 manatını kəsdilər. Narazılıq etdim. Nəzarətçi gəlib məsələni aydınlaşdırmaq üçün qurğunu qurdaladı və məbləğdən xəbərsiz olduğuna görə, dedi ki, ekranda 15 manat yazılıb, nə vermisən, o qədərlik də benzin yüklənib. Biləndə ki, 20 manat ödəmişəm, başqa bəhanə tapa bilmədilər”.
Müştəri onu da əlavə etdi ki, bəzi məntəqələrdən fərqli olaraq, həmin yerdə qaynar xətt nömrələrinə rast gəlməyib: "Məntəqədə qaynar xətt də yoxdur ki, biz bu nöqsan barədə aidiyyəti dairələrə müraciət edək”.
P.S. Məlumat redaksiyaya gec daxil olduğu üçün qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı.
|