Ötən gün Naraşino şəhərində ölkənin hava qüvvələri hərbi təlimlərdə iştrak edib Yaponiya ordusu ölkənin Çinlə mübahisəli bölgəyə çevrilən Senkaku adasına mümkün hücumların qarşısını almaq məqsədilə hərbi təlimlərə başlayıb. Naraşino şəhərində baş tutan təlimlərdə Yaponiyanın hava qüvvələri iştrak edib. Təlimlərdə 20-ə yaxın hərbi təyyarə və helikopterdən, eyni zamanda, 33 zirehli texnikadan istifadə olunub. Ölkənin müdafiə naziri İtsunori Onodera təlimlərlə bağlı çıxışında hərbi qüvvələri ölkənin müdafiəsinə hazır olmağa çağırıb. "Ölkəmizin təhlükəsizliyi ilə bağlı vəziyyət gərginləşib. Çin hava və dəniz qüvvələrinin ölkəmizin ərazisi olan Senkaku adası ətrafında cəmləşməsi adanın işğalı riskini daha da artırır. Biz hərbi taktikalarımızı inkişaf etdirməli və ölkənin müdafiəsinə hazır olmalıyıq",- deyə Onodera sözlərini ifadə edib.
Qeyd edək ki, Yaponiya ordusu ilk dəfə bu cür ssenari altında hərbi təlimlər keçirib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Yaponiya hökumətinin Şərqi Çin dənizində Senkaku adası da daxil olmaqla bir qrup kiçik adaları onların yaponiyalı sahiblərindən satın almaqla bağlı qərarı Çinlə bu ölkə arasında gərginliyin artmasına səbəb olmuşdu. Yaponiya hökumətinə qarşı etirazlardan ən çox ziyan çəkən isə, Çində fəaliyyət göstərən yapon fabrikləri olmuşdu.
|